1. Коринфянам
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

1

Allahın iradəsi ilə Məsih İsanın həvarisi olmağa çağırılmış mən Pauldan və qardaşımız Sostendən

2

Allahın Korinfdə olan imanlılar cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir.

3

Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!

4

Allahın Məsih İsada sizə bəxş etdiyi lütfə görə sizin üçün həmişə Allahıma şükür edirəm.

5

Çünki siz Məsihdə hər cəhətdən – hər cür sözdə və bilikdə zənginləşmisiniz.

6

Buna görə Məsih haqqındakı şəhadətimiz sizdə təsdiqləndi.

7

Bu səbəbdən siz Rəbbimiz İsa Məsihin zühurunu gözləyərək ruhani ənamdan heç bir korluq çəkmirsiniz.

8

Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək.

9

Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir.

10

Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin.

11

Qardaşlarım, Xloinin evindəkilərdən aranızda münaqişələr olduğunu öyrəndim.

12

Demək istədiyim budur ki, hər biriniz «mən Paulun ardıcılıyam», «mən Apollonun ardıcılıyam», «mən Kefanın ardıcılıyam» və yaxud «mən Məsihin ardıcılıyam» deyir.

13

Məgər Məsih bölünmüşdü? Məgər sizə görə çarmıxa çəkilən Paul idi? Məgər siz Paulun adı ilə vəftiz edildiniz?

14

Mən Krisp və Qaydan başqa sizlərdən heç kimi vəftiz etmədiyimə görə Allaha şükür edirəm.

15

Belə etdim ki, heç kim mənim adımla vəftiz edildiyini deməsin.

16

Yeri gəlmişkən, mən bir də Stefananın evindəkiləri vəftiz etdim. Bundan başqa kimisə vəftiz etdiyimi xatırlamıram.

17

Axı Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi. Məsihin çarmıxı boşa çıxmasın deyə Müjdəni müdrik sözlərlə yaymıram.

18

Çünki çarmıx barəsindəki kəlam məhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlər üçünsə Allahın qüdrətidir.

19

Necə ki yazılıb: «Müdriklərin müdrikliyini məhv edəcəyəm, Aqillərin ağlını yox edəcəyəm».

20

Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisəçisi? Məgər Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmədi?

21

Allahın müdrikliyində dünya öz müdrikliyi ilə Allahı tanımadığı üçün Allah iman edənləri ağılsız sayılan vəz vasitəsilə xilas etməyə razı oldu.

22

Çünki Yəhudilər möcüzəli əlamətlər istəyir, Yunanlar müdriklik axtarırlar.

23

Bizsə çarmıxa çəkilmiş Məsihi vəz edirik. Bu, Yəhudilər üçün büdrəmə daşı, başqa millətlər üçün isə ağılsızlıq sayılır.

24

Amma çağırılan həm Yəhudilər, həm də Yunanlar üçün Məsih Allahın qüdrəti və Allahın müdrikliyidir.

25

Çünki Allahın «ağılsızlığı» insan müdrikliyindən daha üstündür, Allahın «zəifliyi» insan gücündən daha güclüdür.

26

Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz.

27

Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı,

28

dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdığı, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki,

29

Allahın qarşısında heç bir insan öyünməsin.

30

Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu.

31

Buna görə yazıldığı kimi «öyünən Rəbdə öyünsün».

© 2018 Дом Молитвы. Христианская Интернет Миссия.