2. Тимофею
1 2 3 4

1

Məsih İsada olan həyat vədinə görə Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan

2

mənə sevimli oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!

3

Durmadan, gecə-gündüz dualarımda səni yada saldığım zaman ata-babalarım kimi təmiz vicdanla ibadət etdiyim Allaha şükür edirəm.

4

Sənin göz yaşlarını xatırlayaraq səni görməyə həsrət çəkirəm ki, sevinclə dolum.

5

Səndəki riyasız imanı yadıma salıram. Əvvəlcə nənən Lois və anan Evnikinin saxladığı bu imanı, əminəm ki, sən də saxlayırsan.

6

Bu səbəbdən sənin üzərinə əl qoymağımla Allahın sənə verdiyi ənamı alovlandırmağını xatırladıram.

7

Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir.

8

Buna görə Rəbbimiz barədə şəhadət etməkdən və Onun uğrunda məhbus olan məndən utanma. Allahın gücü ilə Müjdə uğrunda mənimlə birlikdə əzaba qatlaş.

9

Allah bizi əməllərimizə görə deyil, öz məqsədinə və lütfünə görə xilas edib müqəddəs olmağa çağırdı. Zaman başlamazdan əvvəl o lütf bizə Məsih İsada verilmişdi,

10

indi isə Xilaskarımız Məsih İsanın zühuru ilə üzə çıxdı. O, ölümü yox etdi, Müjdə vasitəsilə həyatı və ölməzliyi aşkar etdi.

11

Mən bu Müjdə üçün vaiz, həvari və müəllim təyin olundum.

12

Bu əzabları çəkməyimin səbəbi də budur. Amma bundan utanmıram, çünki Kimə iman etdiyimi bilirəm və əminəm ki, mənə verdiyi əmanəti qiyamət gününə qədər saxlamağa qadirdir.

13

Məsih İsada olan iman və məhəbbətlə məndən eşitdiyin sağlam sözlərdən nümunə götür.

14

Sənə verilən yaxşı əmanəti bizdə yaşayan Müqəddəs Ruh vasitəsilə saxla.

15

Bilirsən ki, Asiya vilayətində olanların hamısı məndən üz döndərdi. Həmçinin Figel və Hermogen də bunların sırasındadır.

16

Rəbb Onisiforun ev əhlinə mərhəmət etsin. Çünki dəfələrlə məni ruhlandırdı, mənim zəncirlənməyimdən utanmadı.

17

Əksinə, Romada olarkən məni səylə axtarıb tapdı.

18

Qoy Rəbb qiyamət günü ona mərhəmət tapmağa imkan versin. Efesdə onun mənə nə qədər xidmət etdiyini sən çox yaxşı bilirsən.

© 2018 Дом Молитвы. Христианская Интернет Миссия.