2. Царств

1

Şaulun ölümündən sonra Davud Amaleqliləri məğlub edib qayıdan zaman iki gün Ziqlaqda qaldı.

2

Üçüncü gün Şaulun yanından – ordugahdan paltarı cırılmış, başı toz-torpağa batmış bir adam gəldi. O, Davudun yanına çatıb qarşısında üzünü yerə qoyaraq təzim etdi.

3

Davud ondan soruşdu: «Haradan gəlirsən?» Həmin adam ona dedi: «Qaçıb canımı İsrail ordugahından qurtardım».

4

Davud ona dedi: «Orada nə baş verib? Rica edirəm, mənə de». O dedi: «Ordu döyüş meydanından qaçdı və onların bir çoxu qırılıb öldü. Şaulla oğlu Yonatan da həlak oldu».

5

Davud ona xəbər verən cavan adamdan soruşdu: «Bəs sən haradan bildin ki, Şaulla Yonatan da öldü?»

6

Davuda xəbər verən cavan belə dedi: «Təsadüfən Gilboa dağında idim və gördüm ki, Şaul nizəsinə söykənərək dayanıb. Atlılar və döyüş arabaları isə artıq ona çatmaqda idi.

7

Şaul geriyə baxanda məni görüb çağırdı. Mən dedim: “Buyurun, buradayam”.

8

O mənə “Sən kimsən?” dedi. Mən ona dedim ki, mən bir Amaleqliyəm.

9

Şaul mənə dedi: “Gəl əyil üzərimə, məni öldür, can üstəyəm, bu ağrılardan qurtarmaq istəyirəm”.

10

Elə buna görə də mən onun üstünə əyilib nəfəsini kəsdim. Çünki bilirdim ki, o yıxılandan sonra artıq yaşaya bilməyəcək. Sonra onun başının tacını və qolunun bilərziyini götürdüm və buraya, ağam üçün gətirdim».

11

Bunu eşidən Davud dartıb paltarlarını cırdı və yanındakı bütün adamlar da belə etdilər.

12

Onlar Şaul üçün, oğlu Yonatan üçün, Rəbbin xalqı və bütün İsrail nəsli üçün axşamacan yas qurub ağladılar və oruc tutdular, çünki onlar qılıncdan keçirilərək həlak olmuşdu.

13

Davud əhvalatı ona danışan cavana dedi: «Haralısan?» O cavab verdi: «Mən yadelliyəm, bir Amaleqlinin oğluyam».

14

Davud ona dedi: «Bəs niyə qorxmayaraq Rəbbin məsh olunmuş padşahını öldürmək üçün əl qaldırdın?»

15

Davud adamlarından birini çağırıb dedi: «Get, onu öldür». O da Amaleqlini vurub öldürdü.

16

Davud Amaleqliyə dedi: «Qoy qanın öz başına dönsün! Çünki sənin əleyhinə “mən Rəbbin məsh olunmuş padşahını öldürdüm” deyən ağzın şahidlik etdi».

17

Davud Şaul və oğlu Yonatanın yasında bu mərsiyəni oxudu.

18

Sonra tapşırdı ki, «Oxatan yay» adlı bu mərsiyəni Yəhuda övladlarına öyrətsinlər. Bu mərsiyə Yaşar kitabında yazılmışdır:

19

Ey İsrail, şərəfin öz yüksək yerlərinin üstündə öldürüldü! Necə də igidlər qırıldı!

20

Filiştlilərin qızları sevinməsinlər deyə, Sünnətsizlərin qızları fərəhlənməsinlər deyə Bunu Qatda bildirməyin, Aşqelon küçələrində yaymayın.

21

Ey Gilboa dağları, Üstünə şeh, yağış düşməsin, Qoy zəmilərin məhsul verməsin! Çünki orada ləkələndi igidlərin qalxanı, Şaulun yağ ilə silinməmiş qalxanı.

22

Öldürülənlərin qanına, igidlərin piyinə görə Yonatanın yayı geri dönməzdi, Şaulun qılıncı boş qayıtmazdı.

23

Şaul ilə Yonatan necə sevimli, əziz, Həyatda və ölümdə ayrılmaz oldunuz siz. Onlar qartallardan sürətli idi, Aslanlardan qüvvətli idi.

24

Ey İsrail qızları, ağlayın Şaul üçün. O sizə qiymətli al qumaşlar geydirərdi, Geyiminizə qızıl naxışlar vurardı.

25

Ah, döyüş meydanında necə də igidlər qırıldı! Yonatan sənin yüksək təpələrində həlak oldu.

26

Ey qardaşım Yonatan, sənin üçün ürəyim yanar. Sən mənə çox əziz idin. Sənin sevgin mənim üçün heyranedici idi, Qadın sevgisindən də üstün idi.

27

İgidlər necə də qırıldı! Döyüş silahları necə də yox oldu!

© 2018 Дом Молитвы. Христианская Интернет Миссия.