1 2 3

1

Allahın qulu və İsa Məsihin həvarisi, mən Pauldan salam! Allahın seçdiyi insanların iman edib möminliyə uyğun olan həqiqəti dərk etmələri üçün təyin olundum.

2

Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdi.

3

Xilaskarımız Allah Öz əmrinə görə mənə əmanət edilmiş vəzlə kəlamını vaxtında aşkar etdi.

4

Ümumi imana görə mənə əsl oğul olan Titə Ata Allahdan və Xilaskarımız Məsih İsadan lütf və sülh olsun!

5

Tamamlanmamış işləri sahmana salasan və sənə tapşırdığım kimi hər şəhərdə cəmiyyət ağsaqqalları təyin edəsən deyə səni Kritdə saxladım.

6

Ağsaqqal seçilən şəxs nöqsansız və tək arvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı, mənəviyyatsızlıqda ittiham olunan yaxud itaətsiz olmamalıdır.

7

Çünki cəmiyyət nəzarətçisi Allahın iş idarəçisi olduğuna görə nöqsansız olmalıdır. Dikbaş, hirsli, şərab düşkünü, zorakı, haqsız qazanca həris olmamalı,

8

əksinə qonaqpərvər, yaxşılığı sevən, ağıllı-kamallı, saleh, müqəddəs, nəfsinə hakim olmalıdır.

9

Həm başqalarına sağlam təlimlə nəsihət verməyə, həm də ona qarşı çıxanları təkzib etməyə qadir olsun deyə aldığı təlimə uyğun olan etibarlı kəlamı bərk tutmalıdır.

10

Çünki, xüsusilə, sünnət tərəfdarları arasında bir çox itaətsiz, boşboğaz və saxtakar insanlar var.

11

Onları sakitləşdirmək lazımdır. Çünki onlar haqsız qazanc əldə etmək üçün lazımsız şeyləri öyrədərək bəzi ailələri tamamilə alt-üst edirlər.

12

Onlardan biri – öz peyğəmbərlərindən biri belə demişdir: «Kritlilər daima yalançı, azğın heyvan, tənbəl qarınquludur».

13

Bu şəhadət etibarlıdır. Ona görə də onları sərt bir şəkildə məzəmmət et ki, imanları sağlam olsun,

14

Yəhudi əfsanələrinə və həqiqətdən dönən insanların əmrlərinə qulaq asmasınlar.

15

Paklar üçün hər şey pakdır, ləkəli imansızlar üçünsə pak heç bir şey yoxdur. Amma onların həm düşüncəsi, həm də vicdanı ləkələnmişdir.

16

Onlar Allahı tanıdıqlarını iqrar edirlər, amma əməlləri ilə bunu inkar edirlər. İyrənc və itaətsizdirlər, heç bir yaxşı iş görməyə yaramazlar.

© 2018 Дом Молитвы. Христианская Интернет Миссия.