Софония
1 2 3

1

Yəhuda padşahı Amon oğlu Yoşiyanın hökm etdiyi dövrdə Xizqiya oğlu Amarya oğlu Gedalya oğlu Kuşi oğlu Sefanyaya Rəbbin sözü nazil oldu.

2

Rəbb belə bəyan edir: «Yer üzündən hər şeyi silib-süpürəcəyəm».

3

Budur, Rəbb belə bəyan edir: «İnsanları, heyvanları, Göydəki quşları, dənizdəki balıqları, Pis adamları ilə Şər üçün qurulan tələlərini Silib-süpürəcəyəm, İnsanı yer üzündən yox edəcəyəm.

4

Əlimi uzadıb Yəhuda və Yerusəlim sakinlərinin Hamısını cəzalandıracağam, Baal bütlərinə ibadətin qalıqlarını, Kahinlərlə bütpərəst din xadimlərinin adlarını da buradan silib atacağam.

5

Damlarda göy cisimlərinə səcdə edənləri, Həm Rəbbin adına, həm də Milkom bütü adına And içib səcdə edənləri,

6

Rəbbin yolundan dönənləri, Rəbbə müraciət etməyənləri, Rəbdən məsləhət almayanları Buradan yox edəcəyəm».

7

Susun Xudavənd Rəbbin qarşısında, Çünki Onun günü yaxınlaşır, Rəbb qurban hazırlayıb, qonaqlarını dəvət edib.

8

Rəbb deyir: «O qurban günü əmirləri, şahzadələri, Əcnəbi dəbi ilə geyinənləri cəzalandıracağam.

9

O gün kandarından tullanıb keçənləri, Öz ağalarının evlərini zorakılıq və hiylə ilə Dolduranları cəzalandıracağam».

10

Rəbb bəyan edir: «O gün Yerusəlimdə Balıqlar darvazasından fəğan səsi, İkinci Məhəllədən fəryadlar, Təpələrdən isə böyük gurultu eşidiləcək».

11

Ey bazar məhəlləsinin sakinləri, nalə çəkin! Bütün tacirləriniz məhv olacaq, Tərəzidə gümüş çəkənləriniz qırılacaq.

12

O zaman Yerusəlimin hər tərəfini Çıraqlarla axtaracağam, Firavan yaşayan qayğısızları, Ürəklərində «Rəbb nə yaxşılıq, nə də pislik – Heç nə etməz» Deyənləri cəzalandıracağam.

13

Var-dövlətləri talan olacaq, Evləri xaraba qalacaq, Tikdikləri evlərdə yaşamayacaqlar, Onlar saldıqları üzümlüklərin Şərablarını içməyəcəklər.

14

Rəbbin möhtəşəm günü yaxınlaşır, Yaxınlaşır, tez gələcək. Rəbbin günündə fəryad səsi çıxacaq, İgid adam belə, fəryad edəcək.

15

O gün qəzəb günüdür: Hər tərəfi Əziyyət və məşəqqətin, Viran və talanın, Qaranlıq və zülmətin, Qara buludların bürüdüyü gündür!

16

O gün istehkamlı şəhərlərə, Hündür künc qüllələrinə qarşı Döyüş üçün çalınan şeypurların, Döyüş nərələrinin səsləndiyi gündür!

17

Rəbb deyir: «Adamlara elə bəla göndərəcəyəm ki, Kor kimi hara gedəcəklərini bilməyəcəklər, Çünki Mən Rəbbə qarşı günah ediblər. Qanları su kimi axacaq, Bədənləri yerdə çürüyüb peyin olacaq».

18

Rəbbin qəzəb günündə Qızıl-gümüşləri Onları qurtara bilməyəcək, Onun qısqanc qəzəbinin alovunda Bütün ölkə yanıb yox olacaq, Çünki O, bir anda ölkənin sakinlərini qıracaq.

© 2018 Дом Молитвы. Христианская Интернет Миссия.